Xırdalanda partlayış baş vermiş binanın bir hissəsi boşaldılır

Xırdalanda partlayış baş vermiş binanın bir hissəsi boşaldılır. APA TV-nin xəbərinə görə, partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə mənzillərindən çıxarılıb.

Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA TV-yə bildirib ki, partlayış baş verən blokdan 3 məcburi köçkün ailəsi Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.

“Müvafiq qurumlar tərəfindən burada araşdırma aparılıb. Qərara alındı ki, partlayış baş verən blokun yan tərəfində pilləkən qəfəsin sol tərəfindəki hissələrdə təhlükəli vəziyyət var. Bunu nəzərə alıb oradakı ailələrin köçürülməsi vacibdir. Onların köçürülməsi üçün evlər var. Çalışacağıq ki köçkünümüz çöldə qalmasın”.

Gəray Fərhadov əlavə edib ki, hazırda partlayış baş verən binada 56 məcburi köçkün ailəsi yaşayır. Ümumi bina sakinlərinin köçürülməsi isə hökumət tərəfindən aparılan müzakirələrin nəticəsindən asılı olacaq.

 

Müəllif | Apa.Tv