Xorvatiyada adada yerləşən həbsxana satışa çıxarılıb

Xorvatiya hökuməti ölkədəki həbsxanalardan birini satmaq qərarına gəlib. Həbsxana “çılpaq ada” mənasını daşıyan Qoli-Otok adasında yerləşir. Cəzaçəkmə müəssisəsi 1949-cu ildə tikilib. Vaxtı ilə burada yalnız siyasi məhbuslar, daha sonra isə fərqli cinayətləri törətmiş şəxslər saxlanıb. 1989-cu ildən sonra bura heç kimin yolu düşməyib. Hazırda həbsxana bomboşdur və yalnız ölkəyə gələn turistlərin marağını çəkir.

 

Hökumətin bu ideyası isə əvvəllər həbsxanada cəza çəkən keçmiş məhbusların ciddi etirazına səbəb olub. Onlar həbsxananın satışa çıxarılmasının qəti əleyhinədir. Keçmiş dustaqlar hesab edir ki, vaxtı ilə əzab-əziyyət və işgəncə çəkdikləri həbsxananın satılması ilə gələcək nəsillər totalitar dövrün məşəqqətlərindən xəbərsiz qalacaqlar. Onlar əksinə, bu həbsxananın orijinal formada tarixi abidə kimi qorunmasını tələb edirlər.
 

Bir zamanlar burada cəza çəkən Zlatko Hil deyib ki, həbsxana ilə bağlı onun xüsusi xatirələri var: "Burada "salamlaşma yolu" vardı. Cəza çəkən dustaqlar bu yolda həbsxanaya yenidən qayıdanları və yeni gələnləri salamlayırdılar. Yeni gələnləri adətən döyür və üzlərinə tüpürürdülər".
 

Dustaqların bu həbsxanada dəhşətli işgəncələr gördüyü deyilir. Onlar xüsusi olaraq "tərbiyələndirmə" qaydalarından keçir və ağır işlərə cəlb edilirdilər. Xorvatiya hökuməti etirazlara baxmayaraq, həbsxananın satılması ilə əlaqədar xüsusi komissiya yaradıb. Cəzaçəkmə müəssisəsinin yerində otellər, turistik komplekslərin tikilməsi planlaşdırılıb.
Nəsimi Nəbizadə

 

Müəllif | Apa.Tv
Apa.tv