Elmar Məmmədyarov: "... sərhədlər güc yolu ilə dəyişdirilə bilməz"

"Dağlıq Qarabağ münaqişəsi hər iki ölkəyə və regiona mənfi təsir edib. Lakin onun həlli üçün beynəlxalq çərçivə mövcuddur".

APA TV-nin məlumatına görə, bu sözləri Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle deyib. Avrokomissar Ermənistana qarşı sanksiyalar tətbiq edilməməsinə belə münasibət bildirib: "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkündür. Bu sahədə hər iki ölkənin siyasi iradəsi olsa, biz onları dəstəkləyəcəyik. Birtərəfli tədbirlər bizi bu məqsədlərdən uzaqlaşdıracaq. Bu çərçivədə həll yolunu tapmaq bizim əsas məqsədimizdir".

 

20 ildən çoxdur, uzanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqının heç nə etməməsinə münasibət bildirən Ştefan Füle 5 il öncə Lissabonda Avropa İttifaqının vahid təhlükəsizliklə bağlı qətnaməsini diqqətə çatdırıb: "Bu sammitdən sonra Avropa İttifaqının xarici işlər xidməti yaradılıb. Biz hazırda Aİ-nin vahid qərar vermə imkanlarını genişləndiririk. Siz bunu görürsünüz və gələcəkdə bizim bu münaqişələrdə daha aktiv rolumuzu görəcəksiniz".

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü zamanı dondurulmuş münaqişələrlə bağlı məsələyə də toxunulub: ""Şərq Tərəfdaşlığı" ölkələrinin əksəriyyəti həll olunmamış münaqişələrdən əziyyət çəkir. Onlar öz mövqelərini ifadə etdilər. Bütün nümayəndə heyətləri o cümlədən Avropa İttifaqı rəsmiləri tərəfdaş ölkələrdə ərazi bütövlüyü və milli suverenlik amilinin stabillik üçün vacib şərt olduğunu vurğuladılar. Biz öz mövqeyimizi ifadə etdik ki, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər güc yolu ilə dəyişdirilə bilməz".

 

Xatırladaq ki, bu gün Bakıda  "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin IV qeyri-rəsmi görüşü keçirilib. Toplantıda nazirlərlə yanaşı, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt iştirak ediblər. Şərq Tərəfdaşlığı”nda Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus iştirak edir. Ermənistan Bakı görüşünə qatılmayıb. 

Müəllif | Apa.Tv