Güləşçimiz dünya çempionu oldu
Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə Dünya Çempionatı davam edir.
APA TV-nin xəbərinə görə, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz Dünya Çempionatını 1 qızıl və 1 gümüş medalla başa vurub.
61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı Dünya çempionatının finalına vəsiqə qazanıb.
Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz dünya çempionu olub. Final qarşılaşması Hacı Əliyevin 12:7 hesablı qələbəsi ilə başa çatıb.
Hacı Əliyev görüşdən sonra bildirib ki, iranlı güləşçi üzərində qələbəni səbirsizliklə gözləyirmiş. Onun sözlərinə görə, indiyədək Məsud Mahmud Esmailpurjuybari ilə iki dəfə qarşılaşıb:"Birində o, birində isə mən qələbə qazanmışdım. Final görüşündə qalib gəlməklə sübut etdim ki, 2014-cü ilin ən güclüsü mənəm".
97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov da inamla güləşib və finala yüksəlib. İkiqat Dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüş Rusiya təmsilçisinin xeyrinə başa çatıb və Xetyaq Qazyumov dünya ikincisi olub.