Azərbaycan "Euro-2016"-ya məğlubiyyətlə başladı: 1-2

Azərbaycan millisi 2016-cı ilin Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Millimizin ilk turdakı rəqibi Bolqarıstan yığması olub.

 

Komandalar arasındakı ilk rəsmi qarşılaşma Bolqarıstan yığmasının 1:2 hesablı qələbəsi ilə başa çatıb.

 

APA TV-nin xəbərinə görə, oyunda hesab 14-cü dəqiqədə açılıb. Bolqarıstan millsinin oyunçusu İliyan Miçanski komandasını hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə millimiz hesabı bərabərləşdirmək üçün irəli atıldı və istəyinə 54-cü dəqiqədə nail olub. Dmitri Nazarov uzaqdan gözəl zərbə ilə komandamızın bərabərlik qolunu vurub.

 

Amma futbolçularımız millimizə 1 xal gətirə biləcək hesabı oyunun sonunadək qoruya bilməyib. 87-ci dəqiqədə Bolqarıstan yığması yenidən hesabda irəli çıxıb. Bu dəfə Ventsislav Xrisov fərqlənib - 1:2.

 

Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci matçını oktyabrın 10-da səfərdə İtaliya yığmasına qarşı keçirəcək.

Müəllif | Apa.Tv
Apa.tv