Bakıda kütləvi dava olub, 2 gənc bıçaqlanıb
Bakının Suraxanı rayonunda kütləvi dava baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində baş verib. Təxminən 10 nəfərin iştirak etdiyi davada soyuq silahdan da istifadə edilib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, kütləvi davadan sonra xəstəxanaya iki nəfər gətirilib. Bunlar kürəyindən bıçaq xəsarəti alan 1993-cü il təvəllüdlü Hüseynli Nicat Hüseyn oğlu və ayağından bıçaqlanan 1994-cü il təvəllüdlü Xasıyev Süleyman Füzuli olğludur. Hər iki yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağırdır.
Hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları ilkin araşdırma aparıblar. Bölmədən APA TV-yə verilən məlumata görə, hələlik qanlı hadisənin digər iştirakçıları və davanın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.