Prezident təqaüdü alacaq 7 tələbənin valideyni müəllimdir - STATİSTİKA
Bu il ali təhsil müəssisələrinə 2014/2015-ci tədris ili üçün bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA TV-yə verilən məlumata görə, qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlardan 7 nəfərin hər iki valideyni işsizdir, 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbçi, 11 nəfərin valideyni isə tibb işçisidir.
Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrin məzunlarının sayı bu il 882 nəfər təşkil edib.
600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olanlar da (35 nəfər) var.
Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə – 700 bal toplayıb. Onlar I, II və IV ixtisas qrupları üzrə imtanan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub.