Azərbaycanda məhkəmə heyəti sabiq hakimin işinə baxmaqdan imtina edib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə salınıb.
APA-nın məlumatına görə, prosesdə məhkəməyə sədrlik edən hakim Azər Orucov bildirib ki, hakim tərkibi özlərinə etiraz edir. Azər Orucov deyib ki, o özü və tərkibdə olan hakimlər - Əlövsət Abbasov, Əlisultan Osmanov təqsirləndirilən Həsən Əliyevlə iş yoldaşı olublar. Bu hal işin baxılmasına təsir etməsə də, cəmiyyətdə yanlış fikir yarada bilər.
Etiraza Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalanıb.