MTRŞ sədri: “Rəqəmsal yayımla bağlı bütün məsələlər həll edilib”

“Azərbaycan rəqəmsal yayımla bağlı bütün məsələləri həll edib”. APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub: “Bununla bağlı hər hansı problemimiz yoxdur. Sadəcə, analoq yayımın dayandırılmasına tələsmirik. Çünki bizim əsas məqsədimiz əhalinin rahatlığıdır. Yoxsa analoq yayımın dayandırılması bizim üçün problem deyil.  İstənilən vaxt bunu dayandıra bilərik. Biz istəyirik ki, bu məsələ tədricən həyata keçirilsin və əhali yavaş-yavaş dekoderlər alıb, televiziya kanallarına baxa bilsin".

 

Şura sədri qeyd edib ki, rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır. Televiziya kanallarının rəqəmsal yayıma keçməyə hazır olub-olmadıqları isə onların problemidir.

Qurumun qərarı olmadan analoq yayımın dayandırılmasının mümkünsüz olduğunu deyən Nuşirəvan Məhərrəmli bildirib ki, hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.

Qeyd edək ki, Bakıda Bakıda Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum - BRAF) 5-ci illik iclası keçirilib. Forumda "Yeni media" mövzusuna yenidən baxış keçirilib və "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılıb. Forumun əsas məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir. 

Müəllif | Apa.Tv