Sabah Bakıda ADEX-2014 müdafiə sənayesi sərgisi keçiriləcək

"Bakıda Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin nüfuzu artır". APA TV-nin məlumatına görə, bu fikirləri müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sabah Bakıda keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" (ADEX-2014) sərgisi ilə əlaqədar təşkil olunan mətbuat konfransında bildirib. Yəhya Musayevin sözlərinə görə, sərgidə 34 dövlətdən 200 şirkət və 22 rəsmi nümayəndə iştirak edir:

"Müdafiə sənayesi sərgiləri yalnız inkişaf etmiş dövlətlərdə keçirilir. Postsovet ölkələrində bu cür sərgilər Azərbaycandan əvvəl Rusiya, Belarus və Qazaxıstanda keçirilib. Amma Azərbaycanda keçirilən sərgidə digərlərindən fərqli olaraq daha çox şirkət iştirak edir".

Nazir müavini qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi artıq 15-dən çox sərgidə iştirak edib və bazara çıxardığı məhsullarla özünü təsdiqləyib. Əgər nazirlik ilk sərgidə 27 məhsul təqdim etmişdisə, hazırda sərgidə artıq 168 məhsulla iştirak edir.

"Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunacaq. Bura quru qoşunları və Hərbi Dəniz Qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir".

Sərgidə Türkiyə və İsrailin müdafiə nazirləri, Belarus, Cənubi Koreya, Qətər və Malayziyanın müdafiə nazirlərinin müavinləri iştirak edəcəklər. İran və bir neçə dövlət isə müdafiə nazirliklərinin qərargah rəisləri səviyyəsində təmsil olunacaqlar. Bundan əlavə, sərgidə Fransa, ABŞ, Xorvatiya, İspaniya və bir çox qabaqcıl ölkələrin şirkətləri də təmsil ediləcəklər.
 

Müəllif | Apa.Tv