AMEA Tarix İnstitutunda akademik Ramiz Mehdiyevin yeni kitabının müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabının müzakirəsi və təqdimatı keçirilib. Kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.

"Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı ilə akademik Ramiz Mehdiyev həm də dövlətin sözünü deyib. Biz təklif edəcəyik ki, kitab digər dillərə də tərcümə olunsun və bununla da dünya elmi ictimaiyyəti Azərbaycanın tarixi həqiqətləri ilə bir daha tanış olsunlar. Çünki kitabda ermənilərin Qafqaza köçüb gəlmiş xalq olduğu da sübuta yetirilir". APA TV-nin məlumatına görə, bu fikirləri müzakirələrdə çıxış edən Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov deyib.

"Topluda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Kitab tarixşünaslığımızın böyük qələbəsidir. Bu kitab Minsk Qrupunun təmsilçisi olan ölkənin paytaxtında nəşr olunub. Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixşünaslığının böyük qələbəsidir. Əsərin ən böyük məziyyətlərindən biri bizim tarix elmimizin bütün istiqamətlərdə uğurlarının böyük cəsarət və elmi dəlillərlə müdafiə olunmasıdır".

Yaqub Mahmudovun sözlərinə görə, kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı