Prezident İlham Əliyev Bakıda təhsil ocaqlarında görülən yenidənqurma işləri ilə tanış olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

 

APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Qeyd edilib ki, 4 mərtəbədən ibarət olan 32 saylı məktəbdə 1050 şagird təhsil alır. Bütün sinif otaqları, fənn kabinetləri əsaslı təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.

 

Sonra 12 nömrəli tam orta məktəbə baş çəkən prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, məktəbin 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

 

Azərbaycan prezidenti İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə də tanış olub. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, məktəbdə təhsil ingilis dilində aparılır, Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunur. 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil alacaq. Təhsil kompleksindəki  80 nəfərlik yeni tipli uşaq bağçasında da təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur.

 

Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə yanaşı, Britaniya milli kurrikulumu-İngiltərə-Uels kurrikulumu da tətbiq olunur. Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb.

 

Müəllif | Apa.Tv