Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov İsmayıllıda görüş keçirib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov İsmayıllı rayonunda bölgənin gəncləri və ağsaqqalları ilə görüş keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Oğuz, Qəbələ və İsmayıllı rayon gəncləri, eləcə də Ağsaqqallar Şurasının bu rayonlardakı şöbələrinin sədrləri iştirak edib. Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas etdiyini və Azərbaycanın dünyada nüfuzunun artırdığını bildirib. Bu siyasətin hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyən Fəttah Heydərovun sözlərinə görə, bütün ömrünü Azərbaycan xalqına həsr edən ümummilli lider Heydər Əliyevin hər bir sözü, onun açdığı yol bu gün gənclərimizin həyat amalına çevrilib. Fəttah Heydərov Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ağsaqqallıq institutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Çıxış edən digər ağsaqqallar rayon şuralarının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Bu məqsədlə gənclər və yeniyetmələrdə vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəbləri, kolleclər və musiqi məktəblərində görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır. Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq bildirilib. Sonda bir qrup ağsaqqala fəxri fərmanlar təqdim olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov