Bakıda üç avtomobil toqquşub, 2 nəfər yaralanıb
Bakının Nizami rayonunda iki nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Rüstəm Rüstəmov və Bəkir Çobanzadə küçəsinin kəsişməsində qeydə alınıb. Vaqif Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil, Samir Gəraylının idarə etdiyi "KİA" və Fazil Həsənovun idarə etdiyi "Nissan"la toqquşub. Qəza zamanı "Nissan"ın sürücüsü və xanım sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım çağırılıb və hər iki yaralı xəstəxanaya çatdırılıb.
Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisənin səbəbkarı yaxınlıqdakı təhlükəsiz şəhər kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. Yararsız hala düşən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.