Avropa Komissiyasının yeni tərkibi açıqlandı, çoxlu dəyişiklik var!
Avropa Komissiyasının yeni tərkibi açıqlanıb. APA TV-nin məlumatına görə, qurumun yeni prezidenti, Lüksemburqun keçmiş baş naziri Jan Klod Yunker yeni tərkibdə genişləndirmə üzrə komissarın olmayacağını açıqlayıb. Onun yerinə Avropa qonşuluq siyasəti və genişləndirmə üzrə danışıqlar üzrə komissarlıq fəaliyyət göstərəcək. Komissarlığa avstriyalı Yohannes Hanın rəhbərlik edəcəyi gözlənilir. O, Jose Manuel Barossonun dövründə o, regional siyasət üzrə komissar vəzifəsini daşıyıb. Jan Kod Yunkerin sözlərinə görə, komissarlığın səlahiyyətlərinə qonşuluq siyasətinin gücləndirilməsi və genişləndirmə üzrə davam edən danışıqlar daxildir: "Avropa İttifaqı genişləndirmə siyasətinə bir qədər fasilə verməlidir. Mənim rəhbərliyim altında yalnız davam etməkdə olan danışıqlar aparılacaq”.
Qurumun xarici siyasət məsələləri üzrə vitse-prezidenti İtalyanın hazırkı xarici işlər naziri Fredrik Moqerini olacaq. Yeni komissiyanın tərkibində enerji məsələləri üzrə komissar vəzifəsi də ləğv olunub. Onun əvəzində Enerji İttifaqı vitse-prezidenti vəzifəsi fəaliyyət göstərəcək. Bu vəzifəyə keçmiş sloveniyalı baş nazir Alenka Bratuşek layiq görülüb. Jose Manuel Barossonun dövründə enerji məsələlərinə məsul Günter Öttinger informasiya siyasəti üzrə komissar olacaq. Avropa Komissiyasında 6 vitse-prezident vəzifəsi olacaq. Yunkerin rəhbərlik edəcəyi Avropa Komissiyasının tərkibinə 5 sabiq baş nazir, 4 sabiq baş nazirin müavini, 19 sabiq nazir, Avropa Komissiyasının 7 keçmiş üzvü və Avropa parlamentinin 8 keçmiş üzvü daxildir. Üzvlərin orta yaşı 49-dur. Komissiyanın tərkibində qadınlar 33 faiz, kişilər isə 66 faiz təşkil edəcək. Yeni tərkib Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.