Kremençuk meri Oleq Babayevin qətlində istifadə olunan silah tapılıb

Ukrayna polisi Kremençuk meri Oleq Babayevin qətlində istifadə olunan silahı tapıb. APA TV-nin məlumatına görə, Daxili İşlər Nazirliyinin Poltava vilayəti üzrə idarəsinin mətbuat xidməti silahın Rakitnoye kəndində tapıldığını açıqlayıb. Silahın yerini qətlin icrasında iştirak edən şəxslərdən biri istintaqa ifadəsində deyib.

 

Qeyd edək ki, soydaşımız Oleq Babayev iyulun 26-da evinin qarşısında qətlə yetirilib. Hər şənbə ənənəvi olaraq səhər tezdən futbol oynamağa gedən Babayev evdən mühafizəçi olmadan çıxıb. Zibil qutusuna zibil atmaq üçün maşınını evindən bir neçə yüz metr kənarda saxlayan Babayev “Mersedes”dən düşüb. Bu zaman naməlum şəxslər onun kürək nahiyəsinə üç dəfə atəş açıb. Qatillər hadisə yerindən uzaqlaşıblar.

Sentyabrın 2-də polis Kremençuk meri Oleq Babayevin qətlində şübhəli bilinən 4 nəfərin saxlanılması barədə məlumat yayıb. Sentyabrın 3-də saxlanılan şəxslərdən birinin qətlin sifarişçisi olduğu məlum olub. Daha sonra Ukrayna daxili işlər naziri Arsen Avakov bəyan edib ki, polis Oleq Babayevin ölümündə "Vizit" teleşirkətinin direktoru Aleksandr Melniki şübhəli bilir.

 

Müəllif | Apa.Tv
Apa.tv