Nazir: "12 illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur"

"Növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqlarının artırılması məsələsi gündəmdə olmayacaq”.

 

APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, sınaq qiymətləndirilməsində müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə torlayıb.

 

"Bu nəticələrin təhsil sisteminin yaxşılaşdırılmasına nə kimi təsir göstərdiyi aydın deyil. Amma hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir. Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilməsi nəzərə alına bilər. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır".

 

Nazirin sözlərinə görə,  məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükünün bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır.

 

"Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 “stavka”dan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də, biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi".  

 

Nazir bildirib ki, 12 illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eyni zamanda müvafiq dövlət orqanları ilə birgə iş aparılacaq. 12 illik təhsilə keçmə müddəti əvvəlcədən elan olunacaq.

 

"Biz 12 illik təhsilə keçmək üçün yenə də müəyyən təhlillər həyata keçirəcəyik.  12 illik təhsilə keçid planını ilk növbədə Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən başlamaq lazımdır. Yəni bu, pilot şəkildə həyata keçiriləcək. 12 illik təhsilə keçid, o cümlədən yuxarı sinflərə  son illərdə ixtisaslaşmanı təmin edən bir alət olacaq. Düşünürük ki, burada vətəndaşların, şagirdlərin və yaxud da onların valideyinlərinin seçim imkanı olmaldıır. Əgər kimsə ənənəvi klassik təhsili  davam etdirmək istəyirsə ixtisaslaşma olmadan həmin o vətəndaşın imkanı da olmalıdır. Əgər kimsə öz qərarını veribsə onun seçdiyi sahə və ixtisas məlumdur, o zaman onun üçün son siniflərdə ixtisaslaşma imkanları yaradacaq".

 

Nazirin sözlərinə görə, gələcəkdə Bakı Şəhər Təhsil  İdarəsinin nəzdində  pensiya yaşına çatmış müəllimlərdən ibarət  Ağsaqqalar Şurasının yaradılması planlaşdırılır.

 

Qeyd edək ki, sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda 10 məktəb direktoruTəhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova