Səlim Müslümov: "Pensiya sistemində Azərbaycan çox irəli gedib"
Avropa Şurasına (AŞ) üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair Bakıda keçirilən konfrans başa çatıb. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və AŞ Nazirlər Komitəsinin sosial və səhiyyə məsələləri üzrə məruzəçi qrupunun sədri Ana Vukadinovic iki gün davam edən toplantının yekunlarına dair mətbuat konfransı keçiriblər. Konfransda AŞ-nın üzvü olan 23 ölkənin, AŞ Katibliyinin, Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiklərini qeyd edən S.Müslümov tədbirin yüksək səviyyədə keçdiyini deyib: "Konfransın yekunu olaraq mənim düşüncəm belə oldu ki, hər bir fərdin yoxsullaşmağa imkan verməyən minumum gəlir sistemi olmalıdır".
Səlim Müslümov Azərbaycanda sosial xidmətlərin Avropa ölkələrindən geri qalmadığını deyib: "Eyni proseslər, eyni göstəricilər tətbiq olunur. Minimum əmək haqqı, insanların əmək hüquqlarının qorunması, işləmək və istirahət hüququ, həftəlik iş saatlarının məhdudlaşdırılması, məzuniyyətlər haqqında konvensiyalar, sosial təminat hüququ, son dərəcə modern pensiya sistemi və sair. Bunlar hamısı Avropaya çox yaxındır. Hətta bəzilərində daha irəli getmişik. Məsələn, pensiya sistemində Azərbaycan çox irəli gedib. Elə sistemlər var ki, bəlkə onlardan geri qalırıq. Ünvanlı sosial yardımların avtomatlaşdırılması məsələsini təcili həyata keçirməliyik".
Nazir bildirib ki, Azərbaycan gələn il AŞ-na üzv dövlətlərin sosial birlik məsələlərinə məsul nazirlərinin növbəti 3-cü Konfransına ev sahibliyi etmək barədə təklif verib.
Ana Vukadinovic isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.