"Ford" beton dirəyə çırpılıb, sürücü ağır yaralanıb
Balakəndə bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında “Qabaqçöl” vağzalı adlanan ərazidə qeydə alınıb. Balakən rayonu Tülü kənd sakini, 1978-ci il təvəllüdlü Rüstəm Bayram oğlu İbadov idarə etdiyi “Ford” markalı kiçik həcmli yük maşınında idarəetməni itirib və avtomobil yolun kənarındakı beton dirəyə vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Elçin Əliyev bildirib ki, qəza nəticəsində xəsarət alan Rüstəm İbadov qarnının küt travması və daxili qanaxma ilə xəstəxanaya gətirilib. Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti stabildir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.