Avropada “qaz müharibəsi” – Rusiya Polşa, Almaniya və Slovakiyaya qaz idxalını azaltdı
Polşanın PGNIG energetika şirkəti Rusiyanın bu ölkəyə nəql etdiyi mavi yanacağın həcminin 45 faiz azaldığını açıqlayıb. APA TV-nin xəbərinə görə, şirkət bu məlumatı böhran qərargahının təcili toplantısından sonra açıqlayıb. Polşa tərəfi şərq istiqamətində nəql olunan Rusiya qazının həcminin azaldılmasının səbəblərini araşdırır.
PGNIG şirkəti son iki gün ərzində Rusiyadan nəql olunan qazın həcminin 24 faiz azaldığını açıqlamışdı. Sentyabrın 8-də azalma 20 faiz təşkil etsə də, bir gün sonra bu rəqəm 24 faizə qalxıb. Bu gün üçün Rusiya Polşaya nəql olunan qazın həcmini 45 faiz azaldıb.
“Qazprom” şirkəti isə Polşaya verilən qazın miqdarının azaldılması xəbərini təsdiqləməyib. Polşa Rusiyadan aldığı qazın həcminin azalması səbəbilə Ukraynaya revers qaz ötürülməsini müvəqqəti olaraq dayandırıb. Bundan əvvəl Almaniya və Slovakiyanın qaz şirkətləri də Rusiyanın bu ölkələrə verdiyi qazın miqdarını azaltdığını bəyan ediblər. Rəsmi açıqlama olmasa da, Rusiyanın Avropaya qaz nəqlinin azaltmasının əsas səbəbi kimi Polşa, Almaniya və Slovakiyanın artıq qalan qazı Ukraynaya ötürməsi göstərilir.
Xatırladaq ki, dünən Avropa İttifaqının ticarət üzrə komissarı Karel de Quxt bildirib ki, ABŞ yaranmış geosiyasi vəziyyətlə əlaqədar Avropaya neft və qaz ixracına başlamalıdır. Komissar qeyd edib ki, Avropada bəzi hadisələr baş verir və bu səbəbdən qitəni enerji asılılığından qurtarmaq lazımdır.