Xalq artistinin arvadını və nəvəsini öldürənə 12 illik həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnən yol qəzasına səbəb olan Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə əvvəlcə X. Mədətovun vəkili Samir İsayev çıxış edərək, müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini istəyib.  

 

Sonra prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.

 

Qeyd edək ki, bu il martın 15-də Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

 

Sürücünün sərxoş olduğu müəyyənləşib.

 

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.

 

Həmin hadisədən 2 gün sonra Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv