Bakıda Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir - REGİONDA İLK DƏFƏ

Bu gün “Baku Expo” Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq, I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılıb. APA TV-nin məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə keçirilən sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edir.

 

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirir.

 

Sərgiyə gələn ziyarətçilər burada Azərbaycan istehsalı olan 12,7 kalibrli "Mübariz"döyüş silahını da görə biləcəklər. Silah Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" adlandırılıb.

 

Azərbaycan istehsalı olan "Gürzə 3" hərbi texnikası da sərgidə nümayiş olunan hərbi texnikalar sırasındadır. Tədbirə 200 artıq hərbi ekspert, mütəxəssis və şirkət nümayəndələri qatılıb. Azərbaycan özünün müdafiə sənayesi müəssisələrində istehsal edilən 168 adda məmulat nümayiş etdirir.

 

Sərgi iştirakçılarının marağına səbəb olan döyüş texnikalarından biri də zirehli kəşfiyyat döyüş maşınıdır ki, bu texnika 2014-cü ildə Azərbaycanda istehsal olunub. İkiqat zirehli olması və mina partlayışlarına dözümlü olması bu zirehli texnikanı digərlərindən fərqləndirir.

 

Sərgidə Türkiyə və İsrail müdafiə nazirləri, Belarus, Koreya, Qətər və Malayziya nazir müavinləri səviyyəsində təmsil olunur. ABŞ, Fransa və digər Qərb dövlətlərinin şirkətləri də sərgidə iştirak edir.

 

Müəllif | Apa.Tv