Qəbələdə səmti müəyyən etmə idman növü üzrə çempionat keçirilir

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda səmti müəyyən etmə idman növü üzrə Fövqəladə Hallar Nazirliyinin II Qapalı Çempionatına start verilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın açılış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək qeyd edib ki, FHN-nin qurumları arasında keçirilən səmti müəyyən etmə idman yarışına 21 qurumdan 21 komanda olmaqla 96 kişi və 5 qadın idmançı qatılıb. Üç gün davam edəcək yarışda komandaların mübarizəsi ilə yanaşı, 15 nəfər iştirakçı şəxsi birincilik üzrə öz bacarığını nümayiş etdirəcək. Bildirib ki, FHN-nin səmti müəyyən etmə üzrə idman komandası dünya və Avropa çempionatlarında iştirak edir. Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN-əməkdaşlarının və komanda üzvlərinin qidalanması qalması üçün meşədə lazımı şəraiti olan çadrların qurulduğunu bildirib. Yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib.

 

Qeyd edilib ki, yarışın baş hakimi Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının aviasiya təhlükəsizliyi kafedrasının baş müəllimi Nizami Mursakulovdur.

 

Açılış mərasimindən sonra yarışlara start verilib. Komanda və şəxsi yarışlar iki mərhələdə, qısa və uzun məsafədə keçiriləcək. Əvvəlcə yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparacaqlar. Burada hər bir idmançıya 2 saat vaxt veriləcək. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılacaq.

   

Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov