Prezident İlham Əliyev Bakıda keçirilən “ADEX 2014” sərgisi ilə tanış olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – “ADEX 2014” sərgisi ilə tanış olub.

 

APA TV-nin xəbərinə görə, müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevə sərgi barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin aktuallığını və əhəmiyyətini sübut edir.
 

Dövlət başçısı əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin stendinə baxıb. 
 

Qeyd edilib ki, Beynəlxalq müdafiə sənayesi sərgisi isə bu il ilk dəfə Azərbaycanda keçirilir.  Azərbaycan ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunurdusa, “ADEX 2014”də 168 adda məmulat nümayiş etdirir. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi bir çox ölkə ilə hərbi-texniki əməkdaşlığı da sürətlə genişləndirir.
 

Dövlət başçısı sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında da olub.
 

Sərgi ilə tanışlıq zamanı prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edilib.
 

Sonra dövlət başçısı sərginin Baku Expo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxıb. Burada əsasən, çöl-səhra şəraitində, hərbi hava qüvvələrində istifadə olunan texnika, silah-sursat nümayiş etdirilir.
 

Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir.

 

Müəllif | Apa.Tv