Elmar Məmmədyarov: “Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etmək cinayətdir”

"Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etmək cinayətdir". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov xarici jurnalist və rəsmi şəxslərin Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi ondan ibarətdir ki, hansı vətəndaş Azərbaycan ərazisinə xoş niyyətlə səfər etmək istəyirsə, Azərbaycan Xarici İşlər Nazirliyindən viza almalıdır.

“Təbii ki, biz əvvəl mövqelərini soruşuruq. Başqa ölkələrdə də belə qanunlar var ki, icazəsiz heç kəs kimsənin torpağına keçə bilməz. Siz Avropa İttifaqına üzv ölkələrə qanunsuz, vizasız girsəniz, sizi həbs edəcəklər. O ölkədə çıxa bilsəniz, sizi ömürlük o ölkəyə buraxmayacaqlar”.

Avstriyalı jurnalistin həmkarı Yutta Bauerin Azərbaycana gəlməsi üçün viza ala bilməməsinin səbəbi barədə suala cavab verən nazir Elmar Məmmədyarov qeyd edib ki, istənilən şəxs hətta jurnalist olsa belə, başqa bir ölkənin ərazisinə icazəsiz səfər edirsə, bu, qanun pozuntusudur.

"Avropa İttifaqının təməl prinsiplərindən biri qanunun aliliyinin qorunmasıdır. Sizin həmkarınız açıq şəkildə anlamalıdır ki, o işğal olunmuş ərazilərə mərkəzi hökumətin icazəsi olmadan səfər edib. O tək deyil, başqa ölkələrdən də belə adamlar var. Sadəcə məsələ ondadır ki, işğal altında olan ərazilərə səfərlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Bunu beynəlxalq hüquq tələb edir”.

Nazir xeyli sayda şəxsin Azərbaycan XİN-dən icazə alaraq Dağlıq Qarabağa səfər etdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv