Saxlanılan şəxs: "Narkotiki əkəndə bilirdim ki, ya oğurlayacaqlar, ya tutulacağam"

Həyətində narkotik əkib-becərən Kürdəmir sakini saxlanılıb. Saxlanılan Həsrət Səmədzadə tutduğu əməldən peşman olmadığını deyib: "Əkəndə bilirdim ki, ya oğurlayacaqlar, ya da tutulacağam. "Sroku" qoymuşdum gözümün qabağına. Peşman deyiləm. Əkəndə də peşman olmamışam".

 

Kürdəmir rayon Yenikənd kənd sakini rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb. Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi qulluq edilməklə yetişdirilən 35 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb. Ümumi çəkisi 43 kiloqram və hündürlüyü 2.2 metr olan çətənə kolları kökündən çıxarılaraq məhv edilib. Həyətdəki yardımçı tikilidən isə çəkisi 705 qram olan qurudulmuş marixuana tapılıb. Həsrət Səmədzadə narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olduğunu bildirib. On ay əvvəl həbsxanadan azadlığa çıxan Həsrət Səmədzadə yenidən tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

   

Müəllif | Apa.Tv
Elvin Yaqubov