Göygöl sakini bacısına mesaj yazan həmkəndlisini bıçaqladı

Göygöl sakini telefonla bacısına mesaj yazan şəxsi bıçaqlayıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Göygöl rayon Çaykənd kənd sakini, 22 yaşlı Şahbaz Mərdanov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Cərrah Etibar Abbasov yaralının vəziyyəti barədə məlumat verib.

 

"Xəstəxanamıza ağır vəziyyətdə 22 yaşlı Şahbaz Mərdanov gətirilib. Xəstə bir başa əməliyyat otağına götürülüb, əməliyyat olunub, yaralar tikilib. Hazırda xəstə reanimasiya şöbəsindədir. Vəziyyəti keçirilmiş əməliyyata uyğun, ağırdır. Müalicəsi davam etdirilir".

 

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şahbaz Mərdanovu bıçaqlayan şəxs, onun həmkəndlisi, 21 yaşlı Əli Ağababayev saxlanılıb. Məlumata görə, hadisə mesaj üstündə baş verib. Əli Ağababayev bacısının telefonuna gələn mesajın Şahbaz Mərdanov tərəfindən göndərildiyini öyrənib və bıçağa əl atıb. Xəsarət alanın anası oğlu xəstəxanaya gətirildikdən sonra hadisədən xəbər tutub.

 

"Maşınla gəldik, dedilər ki, əməliyyata aparıblar. Nə qədər etdim, mənə heç nə demədilər. Sonra qonşular danışdı. Həmin qız neçə dəfə evə zəng edib, məni narahat edib. "Şahbaza ver, Şahbaz danışsın" deyib. Gizlin nömrə ilə zəng vurur. Mənim uşağımı evdə oturmağa qoymur, mesaj yazır. Telefonla oğlumu görüşə çağırır. Bunu da qardaşı bilib, oğlumu sahəyə çağırıb. Orada mübahisələri düşüb, qardaşı oğluma söyüb. Mənim oğlum da ona bir şillə vurub. O da cibindən bıçağı çıxarıb qaraciyərinin üstündən vurub".

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli