MTN-dən əməliyyat: Ukrayna vətəndaşı Bakıda yaxalandı

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Ukrayna vətəndaşı, Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub. Bu barədə APA TV-yə nazirliyin ictimai əlaqələr mərkəzindən məlumat verilib. O, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə saxlanılıb.

 

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd “Asus” markalı “RT16” tipli router cihazını Gürcüstanın Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları “Tbilisi-Bakı” marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycana gətiriblər.

 

Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən “Asus” markalı “RT16” tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlayıb. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkarlanıb.

 

Həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.

 

Müəllif | Apa.Tv
Apa.tv