Cəsarət Valehov: "Bu il Azərbaycanda rekord sayda dərslik çap edilib"
"Bu il Azərbaycanda rekord sayda dərslik çap edilərək, təhsil ocaqlarına göndərilib".
Bu barədə APA TV-də efirə gedən "Sosium" verlişində Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə bununla da dərsliklərlə bağlı problemlər həllini tapıb: "2014-2015-ci tədris ili üçün 271 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib. Çap olunan dərsliklər nə az, nə çox 7819480 nüsxədir. Bu, Azərbaycan müstəqilliyi tarixində rekord göstəricidir. Bundan əlavə bəzi dərsliklər də var ki, rəy, təkliflər nəzərə alınmaqla çapa hazırlanıb. Onu da qeyd edim ki, dərs vəsaitlərinin proqramında bu il dəyişiklər olmayıb".
Nazirlik rəsmisi bu il ibtidai siniflərdə dərs yükünün azaldılıb- azaldılmayacağı ilə bağlı sualı da cavablandırıb. Cəsarət Valehov bu istiramətə araşdırmalara başlandığını bildirib: "Bu məsələ də Təhsil Nazirliyinin diqqətindədir. Dərs yükü ilə bağlı araşdırmalar aparılır, ictimaiyyətdən gələn sorğular nəzərə alınır. Amma əsilində dərs yükü o qədər də çox deyil. Bu gün Azərbaycanda tədris ili 32, Avropada isə 38 həftədir. 6 həftə Avropadan geri qalırıq. Biz təhsilimizin inkişafını istəyiriksə, bu məqamlara diqqət etməliyik. İş dəftərlərinə gəldikdə isə onu deyə bilərəm ki, heç bir valdeyn iş dəftərlərini almaq məcburiyyətində deyil. Bu gün öyrənmək üçün resurslar çoxdur. "
Cəsarət Valehovun sözlərinə görə bu il Azərbaycanın ümumtəhsil məktəblərində 138 min uşaq I sinifə başlayacaq. Yeni dərs ilində həm də 1692 gənc müəllim ilk dəfə sinifə daxil olaraq, öz vəzifəsinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, "müəllim andı" içdikdən sonra fəalliyət göstərəcəklər.