Aİ ilə Ukrayna arasında ticarət zonası yaradılması haqqında sazişin imzalanması təxirə salındı
Ukrayna və Avropa İttifaqı arasında assosiativ sazişin azad ticarət zonasının yaradılması ilə bağlı hissəsinin tətbiqi təxirə salınıb. APA TV-nin məlumatına görə, son tarix kimi 2015-ci ilin 31 dekabrı göstərilib. Bu barədə ticarət üzrə Avropa komissarı Karl de Quyk bəyan edib. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Ukrayna xarici işlər naziri Pavel Klimkin və Karl de Quyk arasında keçirilə assosiativ sazişin tətbiqi ilə bağlı görüşdən sonra birgə bəyanat da açıqlanıb. Bəyanatda deyilir ki, azad ticarət zonasının tətbiqi hissəsi müvəqqəti təxirə salınıb və Avropa İttifaqı Ukrayna ilə muxtar şəkildə ticarət əlaqələrini davam etdirəcək. Tərəflər Rusiyanın bu məsələdə narahatlığı ilə bağlı müzakirələri davam etdirəcəklərini vurğulayıblar. SİTAT: "Davam edən proses Ukraynanın öz taleyini həll etmək, o cümlədən onun ərazi bütövlüyünə hörmət çərçivəsində aparılacaq". Xatırladaq ki, Ukrayna ilə Avropa İttifaqı arasında Assosiativ saziş iyunun 27-də Brüsseldə imzalanıb. Sentyabrın 15-də bu saziş Ali Radaya göndəriləcək və parlament tərəfindən dəstəkləndiyi halda noyabrın 10-dan qüvvəyə minəcək.