Daş karxanalarında acınacaqlı vəziyyət, antisanitariya, ölüm təhlükəsi - REYD
Sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Qaradağ rayonu ərazisində fəaliyyət göstərən, "Viləş" firmasına və fiziki şəxs Hətəmov Rauf Dadaş oğluna məxsus mişar daşlarının istehsalı sahələrində əmək qanunvericiliyinə əməl olunması vəziyyətini yerində araşdırıb. APA TV-nin xəbərinə görə, araşdırma zamanı müəssisələrdə işçilərin əmək münasibətləri rəsmiləşdirilmədən, qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu üzə çıxıb.
Eyni zamanda mişar daşı istehsal edən avadanlıq və qurğuların işçilərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı, işçilərin əməyinin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkarlanıb.
Fəhlələrin yemək otağında texniki təhlükəsizlik qaydalarına riayət olunmayıb. Naqillərin üzəri açıq qalıb. Fəhlələrin gecələdiyi otaqda antisantariya baş alıb gedir.
Mişar daşlarının istehsal olunduğu sahədə də naqillərin üzəri açıqdır. Bu da fəhlələrin hər an ölümü ilə nəticələnə bilər.
Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Xalid Ağayev deyib ki, müəssisə göstərişə əməl etməyib.
İstismara yararsız avadanlıqlar möhürlənib.
İşçilərin qanunsuz işə cəlb edilməsi və əməyin mühafizəsi norma və qaydalarının pozulması barədə DƏMX tərəfindən protokol tərtib edilib və müvafiq göstərişlər verilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib ki, müəssisədə əmək mühafizəsi qaydalrı kobud şəkildə pozulub. Cərimə də tətbiq olunacaq.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlcədən xəbərdarlıq etməsinə baxmayaraq, istismara yararsız bir çox avadanlıq hələ də istifadə olunduğundan onların dayandırılması barədə qərar verilib.
Dövlət nəzarətinin həyata keçirilməsində Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər.