Göygöl-Gəncə magistral su kəmərinin açılışı olub
Azərbaycan Respublikası Hökumətinin Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su kəmərinin açılışı olub.
APA TV-nin məlumatına görə, açılış mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərindən danışıb, dövlət başçısının tapşırıqlarına uyğun olaraq 38 şəhər və rayon mərkəzlərində su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırıb. O bildirib ki, bu işin icrası üçün beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq yüksək səmərə verib.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Göygöl-Gəncə magistral su kəmərinin istifadəyə verilməsini Gəncənin həyatında əlamətdar hadisə adlandırıb. Göygöl-Gəncə magistral su kəməri ilə şəhərə saniyədə 200 kubmetr su nəql ediləcək.
Açılış mərasimində çıxış edən “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Gəncədə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə barədə məlumat verib. O deyib ki, Gəncə şəhərində tikinti-quraşdırma işlərinə 2011-ci ilin sentyabr ayında başlanılıb.
Sonra baş nazirin müavini Abid Şərifov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Almaniya Federativ Respublikası Parlamentinin iqtisadiyyat və energetika komissiyasının sədri Peter Ramsauer, parlamentin iqtisadi əməkdaşlıq komissiyasının sədri Dagma Vöhrl, Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel, Almaniya İnkişaf Bankının Azərbaycan üzrə direktoru David Betolazan açılışı bildirən düyməni basaraq suyu magistral xəttə buraxıblar.