Donetsk aeroportu yaxınlığında döyüşlər şiddətlənir, çoxlu ölən var
Ukrayna ordusu ilə separatçılar arasında atəşkəs razılaşmasına baxmayaraq, Donetsk hala limanı ətrafında döyüşlər şiddətlənir. APA TV-nin məlumatına görə, Minsk razılaşmasından sonra arabir silah səsləri eşidilsə də, sentyabrın 13-ə keçən gecədən Donetsk şəhərində hərbi əməliyyatlar bərpa olunub. Xüsusilə, hava limanının yerləşdiyi ərazidə artilleriyanın da iştirakı ilə ağır döyüşlər gedir.
Donetskin mərkəzi ilə hava limanını birləşdirən Kiyev bulvarı polis və əsgərlər tərəfindən bağlanıb. Hava limanının yaxınlığındakı Kiyev məhəlləsi döyüş ərazisinə yaxın olduğu üçün boşaldılıb. Donetsk hava limanının qonşuluğundakı dəmir yolu stansiyasından qara duman yüksəlir. Yaxınlıqdan gələn silah səslərindən sonra Donetsk sakinləri götürə bildikləri əşyalarla döyüş zonasından uzaqlaşmağa çalışır.
Donetsk hava limanı ətrafındakı döyüşlərdə ölənlərin olduğu bildirilir. Amma onların dəqiq sayı hələlik məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, son döyüşlərdə 5 mülki şəxs həlak olub.