İmişlidə meşə zolağında yanğın baş verib

İmişlidə meşə zolağında yanğın hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi İmişli şəhərində yerləşən meşəətrafı ərazidə qeydə alınıb. Yaşayış evləri ilə meşə zolağı arasında yaranan alov küləkli havada qısa müddətdə güclənərək əraziyə yayılıb. İmişli rayon yanğından mühafizə xidmətinin məlumatına görə, 1,5 hektar ərazidə quru ot və eyni zamanda 90-a yaxın ağac yanıb.  Hadisə yerinə gələn yanğınsöndürənlər əraziyə yaxın evi yanğından xilas edib.

 

Meşəbəyinin bildirdiyinə görə, yanğına səbəb ətrafa tullanan zibilliklərin yandırılmasıdır.  Yanğının söndürülməsinə İmişli rayon yanğından mühafizə xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib, alovun qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı