“Bakı Metropoliteni” qış qrafikinə keçib
Bu gündən etibarən “Bakı Metropoliteni” QSC qatarların qış qrafiki üzrə hərəkəti təmin edib. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, iyulun 17-dən etibarən metropoliten yay qrafiki ilə fəaliyyət göstərib. Bu qrafikə görə xəttə buraxılan qatarların sayı 24 cüt, qatarlar arasındakı intervallar isə 4-6 dəqiqə artırılıb.
N. Paşayev deyib ki, yay rejimində gündəlik olaraq metronun xidmətindən 400-450 min sərnişin istifadə edirdisə, qış rejimində metrodan gündəlik olaraq 700 min sərnişin istifadə edir.
QSC rəsmi bildirib ki, sentyabrın 15-dən etibarən “Bakı Metropoliteni” qış qrafiki ilə fəaliyyət göstərir. Bununla bağlı artıq xətlərə 30 cüt qatar buraxılıb. İntervallar da maksimum dərəcədə azaldılıb. Hazırda intervallar arasında 1,5-2,5 dəqiqədir.
Səhər saatlarında metropolitenin bütün stansiyalarında normal olaraq sıxlıq müşahidə olunduğunu deyən N. Paşayev, hər hansı xoşagəlməz hadisə qeydə alınmadığını da vurğulayıb.
Qış mövsümü tədris ilin yekunlaşana qədər davam edəcək.