DƏMX rəisi: "İşçilərin həyatına təhlükə törədən iş yerlərinin fəaliyyəti dayandırılacaq"
"Bədbəxt hadisələrin statistikası və təhlili onu göstərir ki, bəzi sahələrdə hələ də əməyin mühafizəsi qaydaları ilə bağlı nöqsanlar qalmaqdadır. Bu ilin 6 ayında 114 bədbəxt hadisə baş verib ki, nəticədə 40 nəfər ölüb, 90 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib: "Əməyin mühafizə qaydaları ilə bağlı son 6 ayda 182 halda 195 min manatlıq cərimə tətbiq etmişik. Ümumilikdə statistikaya baxanda bu bədbəxt hadisələrin sayında artım müşahidə olunmur. Cüzi azalmalarla müşahidə olunur".
Xidmət rəisi bildirib ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində 1000-2000 manatadək cərimələr nəzərdə tutulub. Onun sözlərinə görə, bu cərimələr çox kiçik məbləğdir. Bəzən sahibkarlar bu cərimədən çəkinmir və təhlükəsizlik qaydalarına riayət etmirlər. Bu səbəbdən cərimələrin artırılması barədə təkliflər veriləcək.
Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi” elan edib. Həftə ərzində xidmətin əməkdaşları aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətini yerindəcə araşdıracaqlar: "İşçilərin həyat və sağlamlığı üçün təhlükə törədən əmək şəraitinin mövcud olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılacaq".
Fuad Əliza deyib ki, həftə ərzində işəgötürənlər və əmək kollektivləri arasında müvafiq mövzuda təbliğat-məlumatlandırma işləri də aparılacaq.