Türkiyə səfirliyində Bakının işğaldan azad edilməsinin 96-cı ildönümü qeyd olunub

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 96-cı ildönümü münasibəti ilə Türkiyə səfirliyi rəsmi dəvət keçirib. APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycan və Türkiyə arasında qardaşlığın tək sözdən ibarət olmadığını, bıçaq sümüyə dirənəndə hər iki ölkənin qarşılıqlı fədakarlığa əl atdığını vurğulayıb.

“Bu coğrafiyanın dünya tərəfindən unudulması istənilən bəzi gerçəkləri var. Şəhid olan, qətliama məruz qalan insanların sayını bilirsiniz. Balkanlarda, Anadolu torpaqlarında, Cənubi Qafqazda müsəlmanlara qarşı qətliamların dünya tərəfindən bəzən də məqsədyönlüm şəkildə diqqətə alınmadığı acı həqiqətdir. Bizim məqsədimiz bu tarixə siyasi zəmin qatmaq deyil, amma əgər tarixi həqiqətlərdən söhbət gedirsə, bunları obyektiv cəhətdən anlatmaq lazımdır.

Atası Bakının azad edilməsinə fəal iştirak etmiş Gəncədən olan ziyalı Füzuli Hüseynov atasının xatirələrindən danışıb. O türk əsgərlərin Gəncədən çıxarkən atasına bayrağa bükülmüş Quran verdiyini deyib və torpaqda basdırıldığı üçün çürümüş bayraqdan bir parçanı qonaqlara nümayiş etdirib. Millət vəkili, AMEA Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudov isə həmin vaxt regionda baş verən hadisələrin tarixi detallarını qonaqların diqqətinə çatdırıb.

Mərasimin sonunda Türkiyə səfirliyi Qafqaz iSlam Ordusunda döyüşən əsgərlərin məzarlarının aşkarlanmasında köməklikləri dəymiş media qurumlarına təşəkkürnamə təqdim edib. Təşəkkürnamə alanlar arasında APA TV-nin baş direktoru Vüqar Hüseynov və APA TV-nin əməkdaşı Nəsimi Nəbizadə də var.

Müəllif | Apa.Tv
Apa.tv