Rövnəq Abdullayev: "12 şirkətin təklifini gözləyirik"

"Dövlət Neft Şirkəti (ARDNŞ) “Ümid” yatağının və "Babək" perspektiv strukturunun birgə işlənməsi üçün böyük tərəfdaş şirkətlərlə əməkdaşlıq etmək niyyətindədir".

 

APA TV-nin xəbərinə görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib: "Seçim etmək üçün biz 12 şirkətin təklini gözləyirik. Ən yaxşı təklif verən şirkətlə birlikdə artıq “Babək” və “Ümid”i birləşdirib böyük bir işlətmə proqramı həyata keçirəcəyik”.

 

Dünya bazarında neftin qiymətinin 90 dollar civarında tərəddüd etməsinə münasibət bildirən Rövnəq Abdullayev deyib ki, bununla bağlı dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmur.

 

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin "ASAN xidmət"lə birgə həyata keçirilməsinə münasibət bildirən Rövnəq Abdullayev bildirib ki, bu, işləri daha da asanlaşdıracaq: “Bakı-Tiflis-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq sahələri və daşınmaz əmlakla bağlı problemlər yaşanmışdı. Lakin indi ümumi standart qoyulub. Bu da normal qaydalardır. Hesab edirəm ki, dövlət başçısının yeni fərmanı çox gözəl nəticələr verəcək".

 

Bu gün Bakı Ali Neft Mərkətində "Bilik günü" qeyd olunub. Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu il məktəbə 3 ixtisas üzrə - neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarına 120 tələbə qəbul olub. BANM-ə qəbul olan abituriyentlərin 17-si prezident təqaüdünə layiq görülüb. 700 bal toplayan abituriyentlərdən biri bu məktəbini seçib.

 

Tədbirin sonunda BANM-nin ilkin hazırlıq ilini uğurla bitirən tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələri, həmçinin 2014-2015-ci tədris ilində ali məktəbin tələbələrinə tələbə biletləri təqdim olunub.

 

Müəllif | Apa.Tv