Prezident İlham Əliyev 124 nömrəli məktəbin yeni binasının açılışına qatılıb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak ediblər.

 

Azərbaycan prezidenti və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə olub. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib:

 

"2 il bundan əvvəl məktəbin vəziyyəti acınacaqlı idi. Bu məqsədlə yeni məktəbin tikintisi ilə bağlı qərar verildi. Yeni məktəb köhnə təhsil ocağından üç dəfə böyükdür. İndi burada vəziyyət dəyişib, gözəlləşib. Yeni məktəb 1500 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Uşaqların təhsil alması üçün yüksək şərait yaradılıb, müəllimlər rahat işləyə biləcəklər. Əminəm ki, nəticələr də yaxşı olacaq. Bu dərs ili ərəfəsində yeni tikilən 20 məktəbin açılışında iştirak etmişəm, təmir-tikinti işlərinin gedişi ilə maraqlanmışam. Bu il Bakıda 30-a yaxın məktəb istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilib. Son 10 il ərzində Azərbaycanda 2900 tikilib və təmir edilib. Ümumilikdə isə Azərbaycanda 4500 məktəb var".

 

Dövlət başçısı deyib ki, ilk növbədə təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır. Uşaqlar vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Azərbaycan prezidenti 2016-cı ilədək Bakıda təmirsiz məktəb qalmayacağına əlavə edib: "Bizim güclü iqtisadi potensialımız var. Güclü siyasi iradəmiz və potensiallı gənclərimiz var. Onlar da vətənpərvər olmalı və milli ruhda tərbiyə almalıdırlar. Çox istəyirəm ki, bizim gənclərimiz vətənə , xalqa bağlı olsunlar. Milli ənənələrə sadiq olub, dəyərli vətəndaş olsunlar. Bunun üçün əvvəlcə ailələrdə, sonra isə məktəblərdə güclü tərbiyə işi görülməlidir". 

 

 

Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv