Tale Heydərov: “Regional çağırışlar ölkələr qrupunun problemidirsə, qlobal çağırışlar bəşəriyyətin problemidir”
Bakıda Böyük Britaniyanın sabiq müdafiə üzrə dövlət katibi, Böyük Britaniya parlamentinin üzvü Liam Foksun "Şahə qalxan dalğalar. Yeni qlobal çağırışlar ilə üz-üzə" kitabının təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş təqdimat mərasimində müəlliflə yanaşı Azərbaycan millət vəkilləri, hökumət, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, kitab «TEAS Press» Nəşriyyat Evi tərəfindən tərcümə edilərək çap olunub. Kitab Nəşriyyatın ingilis dilindən tərcümə edilmiş ilk nəşridir.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov bildirib ki, müəllif dünyada baş verən qlobal hadisələr barədə geniş və maraqlı fikirlərə malikdir. Müəllif müasir dünyanın qlobal problemlərinin irəli sürülməsi və onların izahı zamanı standart yanaşmalardan fərqli, alternativ və diskussiyalı mülahizələrə üstünlük verib. Doktor Liam Foks kitaba məzmunlu ön söz yazıb:
«Müəllif ön sözündə Azərbaycanın indiki dövrü və gələcəyi barədə maraqlı fikirlərini bildirib. Müəllifə görə Azərbaycan keçmişi və bu günü ilə dünyaya gözəl nümunədir. Düşünürəm ki, kitabdakı bu və digər müddəaların dəyərləndirilməsi ilə gələcəkdə Azərbaycan barədə dəyərli əsərlər yazıla bilər. «Qloballaşma», «qonşu dərdi», «körfəz, islam və qlobal yolayrıcıları», «terror zəmanəmizdə» və digər konkret və bəzən romantik fəsillər bir birini tamamlayır. Bu rəngarəng materiallar dərin siyasi təhlildən keçirilib, əsaslandırılmış nəticələr çıxarılıb. Bu kitab Azərbaycanın kitab-poliqrafiya həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər”.
Tale Heydərov prezident İlham Əliyevin diplomatik orqanların əməkdaşları ilə görüşdə Avropa ilə əməkdaşlıq sahəsində verdiyi tapşırıqları xatırladıb. O, Azərbaycanın beynəlxalq təhlükəsizlikdə, terrorizmlə mübarizədə fəal rol oynadığını qeyd edib:
“Kitab həmçinin sübut edir ki, lokal və regional çağırışlar tək və ya ölkələr qrupunun problemidirsə, qlobal çağırışlar bəşəriyyətin, planetin problemidir. Bu problemlərin həlli üçün isə dünyanın birləşməsi lazımdır. Biz fəxr edə bilərik ki, Azərbaycan müstəqil bir dövlət kimi prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara həssaslıqla yanaşır, terrora qarşı mübarizədə fəal iştirak edir, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”.
Kitabın redaktoru Kərim Şükürov qeyd edib ki, TEAS Azərbaycan üçün vacib olan bir sıra layihələrə imza atıb. K. Şükürov onu da bildirib ki, kitabın müəllifi ixtisasca həkimdir və siyasətə də həkimlikdən gəlib.
Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşrinə görə TEAS rəhbərliyinə təşəkkürünü bildirən Liam Foks onu kitabın yazılmasına vadar edən səbəbləri sadalayaraq onun geniş auditoriya üçün nəzərdə tutulduğunu deyib. Müəllif qeyd edib ki, kitabda dövlətləri narahat edən məsələlər ön plana çıxarılıb. Bura maliyyə böhranları, münaqişələr, terrorizmlə mübarizə və s. daxildir:
“Bu kontekstdə deyirəm ki, Azərbaycanın üzləşdiyi məsələlər də həllini tapmalıdır - diplomatik yazışmalar şəkilində deyil, bilavasitə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".
Tədbirdə kitabın çap olunduğu Avropa Azərbaycan Cəmiyyətinin «TEAS Press» nəşriyyatının da təqdimatı keçirilib.
TEAS-ın sədri Tale Heydərov bildirib ki, Nəşriyyat Evinin nəzdində “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı yaradılıb. «3 alma» uşaq ədəbiyyatı nəşriyyatı tərəfindən ilk dəfə olaraq dünyanın ən məşhur uşaq ədəbiyyatı nəşriyyatları – “Andersen Press”, “Clavis”, “Disney Hyperion”, “Raintree-Capstone Books” nəşriyyatlarından 30-dan artıq bədii və informasiya xarakterli kitab xüsusi seçilərək Azərbaycan dilinə tərcümə edilib və nəşrə hazırlanıb. Türkiyədə Azərbaycanın sistemli tanıtımı işinin qurulması məqsədi ilə «TEAS Press» Nəşriyyat Evinin Türkiyədə filialı – “Forum yayınları” yaradılıb. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair 40-dək kitab ilk dəfə türk dilinə tərcümə edilərək çapa hazırlanıb.