Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib
"Sülh hər bir dövlətin, cəmiyyətin inkişafında başlıca faktordur. Hər birimiz vətəndaş olaraq sülhün bərqərar olmasına çalışmalıyıq".
APA TV-nin məlumatına görə, bunu FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev mərkəzdə “21 sentyabr – Beynəlxalq Sülh Günüdür” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün dünyanın bir çox ölkəsində insanlar dinc həyat yaşamaq istəyirlər, lakin, baş verən münaqişələr bu sülhü pozur.
Bakı Regional Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar İbrahimov isə deyib ki, Beynəlxalq Sülh Günü BMT Baş Assambleyasının qərarı ilə rəsmən elan olunmuş yeganə bayramdır. Hər il sentyabrın 21-də BMT baş katibi tərəfindən sülh zəngi vurulur və dünya ictimaiyyətinə müraciət ünvanlanır.
Dəyirmi masada Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, FHN Bakı Regional Mərkəzinin əməkdaşları çıxış edərək sülhün təmin olunması mövzularında danışıblar.
Məruzələrdən sonra sülh mövzusuna həsr olunmuş videomaterialların təqdimatı olub.