Liam Foks: “Azərbaycan dünya üçün vacib ölkələrdən biridir”

"Azərbaycanın sərhədində ərazi ilə bağlı münaqişə mövcuddur. Mən düşünürəm ki, bu, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır". APA TV-nin məlumatına görə, bu sözləri Böyük Britaniya parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibi Liam Foks deyib. Xəzər Universitetində “Qloballaşdırmanın çətinlikləri və riskləri. Avropa bundan nə dərs çıxara bilər?” mövzusunda məruzə ilə çıxış edən parlamentar Azərbaycanın dünya üçün vacib ölkələrdən biri olduğunu deyib.

“Enerji təhlükəsizliyi, İranın nüvə proqramı, Rusiya məsələsində Azərbaycan Qərb üçün yaxşı tərəfdaşdır, bir çox sualların cavabıdır. Rusiya enerji məsələsini qaldırdıqda enerjinin diversifikasiyası məsələsi ortaya çıxır və cavab kimi Azərbaycan ağıla gəlir. NATO da Şərq məsələsi ilə bağlı strateji tərəfdaş axtardıqda Azərbaycanı düşünür. Bu baxımdan Azərbaycan vacib ölkədir".

Liam Foks məruzəsində dünyanın qarşılaşdığı təhdidlərə də toxunub. Onun sözlərinə görə, dünyada ölkələri arasında güclü şəkildə qarşılıqlı asılılıq var.

"Bu, bir tərəfdən yaxşıdır. Bu, ticarət və inkişaf üçün geniş imkanlar, fayda verir. Eyni zamanda qaçılmaz risklər yaradır. Məsələn terror hücumları, o cümlədən Yaponiyada sunaminin baş verməsini dərhal dünya bazarına təsiri göstərir”.

Onun sözlərinə görə, dünyada dəyişikliklər sürətlə baş verir. 1993-cü ildə dünyada 130 sayt var idi. Bu o qədər də uzaq tarix deyil. Ötən ilin sonunda isə bu rəqəm 650 milyona çatıb. Liam Foks Avropanın daha təhlükəsiz müdafiəsi üçün, onun oxşarını hazırlamağı deyil, NATO-nu gücləndirməyin vacibliyini qeyd edib.

Keçmiş dövlət katibi Suriya və İraqda baş verənlərin bir gecədə olmadığını deyir.

“İŞİD yaxşı qurulmuş, əla təşkil edilmiş bir təşkilatdır. Onlar yaxşı kommunikasiya strategiyasına malikdirlər. Biz nə baş verdiyini bilirik, lakin hərəkət eləmirik. Amma indi hərəkət etməyə hazırlaşırıq. Biz bu işə yaxşı cəlb olunmalıyıq. ABŞ hərəkət etməyə qərar verib və hava hücumları edir. Mən düşünürəm ki, biz də edə bilərik”.

Xatırladaq ki, ötən gün Bakıda Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Liam Foksun "Şahə qalxan dalğalar. Yeni qlobal çağırışlar ilə üz-üzə" kitabının təqdimatı keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv