Azərbaycanda polis əməkdaşlarına elektroşokdan istifadə hüququ veriləcək
Azərbaycanda polis əməkdaşlarına elektroşokdan istifadə hüququ veriləcək. APA TV-nin məlumatına görə, bununla bağlı qanun layihəsi parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.
Komitənin sədri Əli Hüseynli bildirib ki, bununla əlaqədar “Polis haqqında” qanuna dəyişikliklər ediləcək: “Qanuna təklif olunan dəyişikliyə əsasən, 1-ci maddədə xüsusi vasitələrə aid abzasda “Əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilir. Dəyişikliklərə əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
İclasda həmçinin Azərbaycanda məhkəməyə (icraata) qədər həbsdə saxlama müddəti və müstəntiq tərəfindən ibtidai araşdırmanın maksimal müddətlərinin artırıldığı qeyd olunub. Millət vəkili Rəfael Cəbrayılov əlavə edib ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinin 158.1 və 218-ci maddələrinə dəyişikliklər edilir.
"Məcəllənin 158.1 maddəsinə təklif olunan dəyişikliyə görə, icraata qədər istintaq müddəti üçün nəzərdə tutulan həbs qətimkan tədbirlərinin müddətləri az ağır, ağır və xüsusilə ağır cinayətlər üzrə artırılır. Belə ki, ilkin həbs qətimkan tədbirlərinin müddəti az ağır cinayətlər üzrə 2 aydan 3 aya qədər, ağır və xüsusilə ağır cinayətlər üzrə isə 3 aydan 4 aya qaldırılır".
Komitənin iclasında vurğulanıb ki, Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, yaxud filiallarının fəaliyyəti ilə bağlı qaydalar da sərtləşdiriləcək. Layihə Milli Məclisin payız sessiyasının gündəliyinə tövsiyə edilib.