Azərbaycanda nikaha girən şəxslərin bir-birinə tibbi arayış təqdim etməsi məcburi olacaq

Azərbaycanda nikaha daxil olan şəxslər bir-birilərini bilərəkdən dəri-zöhrəvi və insan immun çatışmazlığı virusuna yoluxdurduğu halda cinayət məsuliyyətinə cəlb olunacaqlar. APA TV-nin məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə sosial siyasət komitələrinin birgə iclasında millət vəkili MUsa Urud deyib.

"Bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilir və bir çox genetik, irsi və qan xəstəliklərinin yayılmasının qarşısını alıb. Bu müayinənin aparılması Azərbaycanda da genetik irsi xəstəliklərin, xüsusilə, talassemiya və hemofiliyanın qarşısını xeyli alacaq”.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edərək bildirib ki, bu məsələ uzun zaman gündəmdə olsa da, müzakirəyə çıxarılması müxtəlif səbəblərdən ləngiyib. O qeyd edib ki, nikaha daxil olanlarda ailə sağlamlığı üçün zərərli xəstəliklər aşkar olunması zamanı ailə fərdlərinin hüquqlarının nəzərə alınması, arayış verilərkən həkimin məsuliyyətinin tam müəyyənləşdirilməsi və sair məsələlər artıq dəqiqləşib.

"Tərəflərdən biri cinsi əlaqə vasitəsilə keçən xəstəliklərdən birinin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətdikdə, həmin tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər".

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, ailə Məcəlləsinin 13-cü maddəsində müxtəlif bəndlərə edilən dəyişikliyə əsasən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçəcəklər və bununla bağlı müvafiq icra hakimiyyəti orqanına tibbi arayış təqdim edəcəklər.

İclasda Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər, o cümlədən nikaha daxil olanların tibbi arayış təqdim etməsi məsələsi müzakirəyə çıxarılıb. Layihə komitələr tərəfindən Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı