Mübariz Qurbanlı: “Azərbaycanda dini müstəvidə qarşıdurma gözlənilmir”
“Bəzi qruplar Azərbaycanda xırda təriqətləri yaymağa cəhd edirlər”. APA TV-nin şimal bürosunun məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını bildirib. Onun sözlərinə görə, bu tip təriqətlərin ölkəmizdə yer tapması, özünü təsdiq etməsi mümkün deyil.
“Azərbaycanın ictimai-siyasi həyatdakı sabitlik dini sahədə də özünü göstərməkdədir. Azərbaycan dini baxımdan ən sabit ölkələrdəndir. Bizdə dini müstəvidə qarşıdurma gözlənilmir. Dini icmalar arasında tam sabitlik hökm sürür. Xalq və hakimiyyət arasında vəhdət olduğu kimi bütövlükdə cəmiyyətimizdə də birlik mövcuddur. Ölkəmizdə bəzi dini qurumlar müxtəlif təriqətləri yaymağa cəhd edirlər. Biz bunun qarşısını qətiyyətlə alırıq və alacağıq”.
Gələcəkdə Azərbaycandakı orta məktəblərdə dini dərslərin tədrisinin mümkünlüyü barədə danışan komitə sədri bildirib ki, hazırda məktəblərdə tədris olunan tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar yer alıb. Lakin gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə birlikdə müzakirələr aparıla, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər: ““Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşlarla qəbul edib.