Ağstafada 16 yaşlı oğlan qəza törədib, 1 məktəbli ölüb, 4-ü yaralanıb


Ağstafada ağır yol qəzası baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 10-cu sinif şagirdi, 16 yaşlı Orxan Ömərli atasına məxsus “VAZ 21011” markalı avtomobili yüksək sürətlə idarə edərkən maşını yolun kənarında qəsəbənin adının əks olunduğu dirəyə çırpıb. Qəza nəticəsində maşında sürücü də daxil olmaqla 5 məktəbli - Ağstafa şəhər sakinləri  14 yaşlı Kənan Əliyev, 13 yaşlı Elşad İsmayılov, 16 yaşlı Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır bədən xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır xəsarətlər alan Yusif Salıfov dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli