ÇL: “Real”dan darmadağın, “Atletiko”dan sensasion məğlubiyyət
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinə start verilib. İlk gündə azarkeşlər 8 oyun izləyiblər.
A qrupunda "Yuventus" öz meydanında "Malmö"nü məğlub edib. "Yuventus"un 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada qolların hər ikisini Karlos Teves vurub.
"Olimpiakos" isə ötən mövsümün finalçısı Madrid "Atletiko"sunu sensasion şəkildə məğlub edib. Qarşılaşmada hesabı "Olimpiakos"dan Artur Masuaku açıb. İbrahim Affelay yunan klubunun üstünlüyünü iki topa çatdırıb. Bunun ardınca "Atletiko" bərabərlik qolunu vurub - Mario Mancukiç fərqlənib. Lakin "Olimpiakos"un futbolçusu Konstantinos Mitroğlu komandasının üçüncü qolunu da vurub. Oyunda son nöqtəni Antuan Qrizmann qoyub. "Olimpiakos 3 - "Atletiko" - 2.
***
B qrupunda Madrid "Real"ı İsveçrənin "Bazel" klubunu darmadağın edib. Madriddə keçirilən qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab avtoqolla açılıb. 14-cü dəqiqədə Marek Suxi topu öz qapısından keçirib. 30-cu dəqiqədə Qaret Beyl "Real"ın üstünlüyünü iki topa çatdırıb. Bunun ardınca Kriştianu Ronaldu, daha sonra isə Xames Rodriges fərqləniblər. Birinci hissənin sonunda Derlin Qonsales "Bazel"in təsəlli qolunu vurub. Fasilədən sonra Kərim Benzema darmadağını rəsmiləşdirib - 5:1.
Qrupun digər oyununda "Liverpul" İsveçrənin "Ludoqorets" klubuna çətinliklə qalib gələ bilib. Liverpuldakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə baça çatıb. 82-ci dəqiqədə hesabı Mario Balotelli açıb. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə qonaq klubdan Daniel Abalo hesabı bərabərləşdirib. Amma son dəqiqələrdə vurulan qol "Liverpul"u ruhdan salmayıb və iki dəqiqə sonra Stiven Cerrard meydan sahiblərinə 3 xal gətirən qolu penaltidən vurub.
***
C qrupunda "Zenit" səfərdə Portuqaliyanın "Benfika" klubunu 0:2 hesabı ilə məğlub edib. Bu oyuna qədər Rusiya klubları heç vaxt "Benfika"nı öz meydanında məğlub edə bilməmişdi.
Oyunun 5-ci dəqiqəsində hesabı "Zenit"in braziliyalı hücumçusu Halk açlb. 23-cü dəqiqədə Rusiya klubunun daha bir legioneri - belçikalı yarımmüdafiəçi Aksel Vitsel fərqlənib.
Qeyd edək ki, "Benfika" qarşılaşmanın 17-ci dəqiqəsindən sonra 10 nəfərlə oynamalı olub. Qapıçı Artur birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qrupun digər oyununda "Monako" Almaniyanın "Bayer" klubunu minimal hesabla məğlub edib. Monakodakı oyunda yeganə qolu 61-ci dəqiqədə Joao Moutinyu vurub.
***
D qrupunda Dortmund "Borrusiya"sı "Arsenal" üzərində inamlı qələbə qazanıb. Yurgen Kloppun yetirmələri ingilisləri 2:0 hesabı ilə məğlub ediblər.
Birinci hissənin sonunda Çiro İmmobile hesabı açıb. İkinci hissənin əvvəlində isə Pyer-Erik Obameyanq "Borrusiya"nın ikinci qolunu vurub.
Türkiyənin "Qalatasaray" klubu qrupun ən zəifi sayılan "Anderlext"dən 1 xalı çətinliklə qoparıb. İstanbuldakı qarşılaşmada hesabı Belçika klubunun yarımmüdafiəçisi Prat açıb. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Burak Yılmaz "Qalatasaray"ı məğlubiyyətdən xilas edən qolu vurub - 1:1.