"Qalatasaray" qrup mərhələsinə heç-heçə ilə başladı

Türkiyənin UEFA Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qalatasaray" qrup mərhələsinin ilk oyununu İstanbulda Belçika "Anderlext"inə qarşı keçirdi.

 

Qarşılaşmanın birinci hissəsində hər iki klub sürətli oyun göstərməyə çalışsa da, tərəflərdən heç biri fərqlənə bilmədi. Amma həm "Qalatasaray", həm də "Anderlext" yaratdığı bir neçə təhlükəli vəziyyətlə yadda qaldı.

 

Oyunun taleyi ikinci hissədə həll olundu. 52-ci dəqiqədə "Anderlext"in yarlmmüdafiəçisi Dennis Prat "Qalatasaray"lı futbolçuları şoka salan qola imza atdı.

 

Bu qoldan dərhal sonra qapısında bir neçə təhlükəli vəziyyət görən İstanbul klubu nəhayət özünə gələ bildi və üstünlüyü ələ aldı. Brumanın oyuna daxil olması ilə "Qalatasaray" bir qədər də hərəkətləndi. Lakin 62-ci dəqiqədə Bruma önəmli fürsətdən yararlana bilmədi. "Anderlext"in gənc müdafiəçilərinin müqavimətini qıra bilməyən türkiyəli futbolçular bir neçə ardıcıl hücumdan əliboş qayıtmalı oldular. "Qalatasaray" vacib qolu oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə vura bildi. Burak Yılmaz hesabı barəbərləşdirdi - 1:1

Beləliklə, həm "Qalatasaray", həm də "Anderlext" ilk oyundan 1 xal qazandı. Qrupa "Arsenal"ı məğlub edən Dortmund "Borrusiya"sı liderlik edir.

 

"Qalatasaray" növbəti oyununu oktyabrın 1-də səfərdə "Arsenal"a qarşı keçirəcək.

Müəllif | Apa.Tv
Apa.tv