Azərbaycanda icra nümayəndəsi yol qəzasında ölüb

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 132-ci kilometrliyində, yolun Cəlilabadın Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 50 yaşlı Elçin Həsənovun  idarə etdiyi "KamAZ" markalı yük maşını rayonun Günəşli kənd sakini, 52 yaşlı Fikrət Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ 2107”-nin mühərrik hissəsi yararsız hala düşüb, sürücü Fikrət Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınında Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Hadisə şahidlərinin dediyinə görə, qəza ötmə əməliyyatının düzgün aparılmaması səbəbindən baş verib.

 

Məlumata görə, mərhum Fikrət Əhmədov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Günəşli inzibati ərazi vahidliyinin nümayəndəsi olub.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv