Kırm Tatarları Milli Məclisinin binasına basqın olub
Kırm Tatarları Milli Məclisinin binasına basqın olub. Yüzlərlə maskalı şəxs əvvəlcə binanı mühasirəyə alıb. Daha sonra bir qrup şəxs binaya daxil olub və axtarış aparıb. Məclisin binası qarşısına dustaqların daşınması üçün nəzərdə tutulan avtomobil də gətirilib.
Axtarış 10 saatdan çox davam edib. Binadan kompüterlər və sənədlər aparılıb.
Axtarış zamanı Krım tatarları binanın qarşısına toplaşıblar. Polis əməkdaşları onlara xəbərdarlıq ediblər ki, istimai yerdə qanunsuz toplaşma qadağandır və buna görə məsuliyyət nəzərdə tutulur.
Kırm Tatarları Milli Məclisinin üzvü İsgəndər Bariyevin də evində axtarış aparılıb.
Krım separatçılarının qurduğu "hökumət" isə bəyan edib ki, aparılan axtarışın Kırm Tatarları Milli Məclisinin fəaliyyətinə aidiyyatı yoxdur. Bina Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğluna məxsusdur və axtarış ona qarşı qaldırılan cinayət işi çərçivəsində aparılır.
Qeyd edək ki, Krım tatarları ötən həftənin bazar günü keçirilən seçkiləri boykot ediblər.